“IL’Azero” milli mükafata layiq görülüb
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycanın ilk idman geyimi brendi “IL’Azero” biznes sahəsində 2018-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatına layiq görülüb.
Şirkətin təsisçisi İlqar İmamquliyev AZƏRTAC-a məxsusi müsahibəsində mükafatın gələcək uğurlara yeni imkanlar açacağını bildirib ki, əsas hədəf “IL’Azero”nu beynəlxalq arenada təbliğinə nail olmaqdır. Ölkəmizdə müxtəlif idman növləri üzrə atletlər idman məhsullarımızdan istifadə edirlər. Həmçinin bəzi komandalar istehsal etdiyimiz məhsullarla yarışlara çıxırlar.
“Kolleksiyamızda Azərbaycanın bir çox ornamentlərindən istifadə edilir. Üçrəngli bayrağımızın kiçik hissələrini “IL’Azero”nun rəmzinə çevirmişik. Azərbaycan bayrağının rənglərini qeyri-adi tərzdə - ildırım, buta və digər formalarda geyimlərdə həkk edirik və bunun ictimaiyyət tərəfindən maraqla qarşılandığının şahidi oluruq. Milli ornamentlərimizin kolleksiyada üstünlük təşkil etməsinə çalışıram. Üçrəngli bayrağımızın ornamentlərindən istifadə edərkən böyük həyəcan hissi keçirirəm. Bundan zövq alsam da, böyük məsuliyyət daşıdığımın fərqindəyəm”, - deyə İ.İmamquliyev vurğulayıb.