İlin ən yaxşı qadın sahibkarının müəyyən edilməsi üçün müsabiqəyə start verilib
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycanda ilin ən yaxşı qadın sahibkarının müəyyən edilməsi məqsədilə “Women Entrepreneurship 2019” (WE2019) müsabiqəsi təşkil olunacaq. Müsabiqə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, “Azər Türk Bank” ASC-nin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və “WoWoman Azerbaijan” təşkilatının tərəfdaşlığı ilə keçiriləcək.
“Youth Inc.” Sahibkarlıq Proqramından AZƏRTAC-a bildiriblər ki, yanvar-fevral aylarını əhatə edəcək “WE2019” müsabiqəsinə 16 yaşdan yuxarı qadın sahibkarlar qatıla bilərlər. Müsabiqənin birinci mərhələsində ölkəmizdə fəaliyyət göstərən qadın sahibkarların layihələri (startap) ilə bağlı müraciətləri onlayn qaydada bir ay ərzində qəbul ediləcək. Bundan sonra tərəfdaş qurumların nümayəndələrindən və “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən formalaşdırılmış mentorlardan ibarət münsiflər heyəti müraciətləri nəzərdən keçirəcək.
Layihənin ikinci mərhələsində müraciətlər yoxlanıldıqdan sonra qadın sahibkarlar arasında ən uğurlu ideya və biznes layihəsi təqdim edən şəxs qalib elan olunacaq. Qalib beynəlxalq sahibkarlıq və startap tədbirlərində iştirak etmək üçün səfər imkanı, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində fəaliyyət və digər hədiyyələrlə təltif ediləcək.
“Youth Inc.” Sahibkarlıq Proqramı ölkəmizdə 2013-cü ildən fəaliyyət göstərir. Proqram çərçivəsində 2015-ci ildə fəaliyyətə başlayan Biznes İnkubasiya Mərkəzi tərəfindən 16 layihənin (startap) reallaşması, 36 biznesin dəstəklənməsi, 200-dən çox iş yerinin açılması, təlim və tədbirlərin təşkili və s. istiqamətlərdə görülən işlər ümumilikdə 8 mindən çox gənci əhatə edib.