İLİN SONUNADƏK AZƏRBAYCAN İLƏ UKRAYNA ARASINDA TİCARƏT DÖVRİYYƏSİNİN MƏBLƏĞİ 1 MİLYARD DOLLARA ÇATACAQDIR
2008-ci ilin birinci yarısında Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin məbləği 485,2 milyon ABŞ dolları təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk sentyabrın 4-də keçirdiyi mətbuat konfransında bildirmişdir.
B.Klimçuk vurğulamışdır ki, keçən ilin müvafiq dövründə bu rəqəm 279 milyon, 2007-ci il ərzində 494,4 milyon, 2006-cı ildə 355 milyon, 2005-ci ildə isə 259 milyon dollar olmuşdur.
Diplomat hesab edir ki, əlaqələr belə inkişaf etsə, bu ilin sonunadək Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsinin məbləği 1 milyard dollara çatacaqdır.
Azərbaycandan Ukraynaya ixracın artdığını xüsusi qeyd edən B.Klimçuk, bunu Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ilə əlaqələndirmişdir.
Səfir bildirmişdir ki, Ukraynanın iş adamları Azərbaycana böyük maraq göstərir. Yaxın günlərdə bir qrup biznesmen Azərbaycana səfər edəcək, Bakı və Gəncədə olacaqdır. Nümayəndə heyətinin tərkibinə neft və gündəlik tələbat malları sektorunda çalışan iş adamları da daxildir.
B.Klimçuk demişdir ki, yaxın vaxtlarda Bakı ilə Dnepropetrovsk, Qaradağ rayonu ilə Odessa vilayətinin İliçevsk şəhəri, Gəncə ilə Volın vilayəti arasında dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalanacaqdır.
Səfir, həmçinin Ukraynanın daşqınlardan zərər çəkmiş qərb regionlarında fəlakətin nəticələrini aradan qaldırmaq üçün bölgəyə yardım göndərdiyi üçün Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.