AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Liverpul Universitetinin antropoloqları sensasiyalı bəyanatla çıxış etmişlər. Bir sıra alimlərin fikrincə, Amerikanın yerli əhalisi Avstraliyadan gəlmişdir. Antropoloq Silviya Qonzales deyir ki, bunu iddia etməyə onun hər cür əsası var. O, sentyabrın 6-da Ekseterdə, Britaniya Elmin İnkişafı Assosiasiyasının illik elmi konfransında bəyan etmişdir ki, bu fərziyyəni təsdiqləyən qəribə formalı qafa tası tapılmışdır və hazırda aparılan DNT testi bunun subuta yetirilməsinə kömək göstərəcəkdir. Qonzalesə görə, nə qədər mübahisəli olsa da, indiki yerli amerikalılar – hindilər qitənin ilk sakinləri olduqlarını iddia edə bilməzlər. Onun fikrincə, ilk amerikalılar ABŞ-ın Sakit okean sahillərinə Yaponiya və Polinezia vasitəsilə Avstraliyadan gəlmişlər. Alim buna sübut olaraq, Meksikada və Kaliforniyada tapılmış uzunsov və yanlardan bir qədər yastı qafa taslarını misal gətirir. Hindilərə məxsus ən qədim qafa tasının 9 min il yaşı olduğu halda, qazıntılar zamanı tapılmış və yaxşı qalmış qadın qafa tası 12700 il bundan əvvələ aiddir.
S.Qonzales iddia edir ki, girdəbaş amerikalılar uzunsovbaşlıları sıxışdırmışlar. Alim İspaniya missionerlərinin qeydlərində nadir həyat tərzi və adətləri olan uzunsovbaşlıların təcrid olunmuş məskənləri haqqında xatırlamalarını da aşkar etmişdir. Yeri gəlmişkən, onların nəslinin tam kəsilməsində də məhz bu missionerlər təqsirlidır. Antropoloqun fikrincə, axırıncı Avstraliya amerikalıları Avropadan gəlmiş xristian missionerlərdən yoluxduqları xəstəliklərdən tələf olmuşlar.
Qonzales deyir ki, biz onların DNT-lərini tapmışıq. Bununla belə, o, təqribən 13 min il bundan əvvəl yaşamış uzunsovbaş qadının testlərinin nəticələrini açıqlamadan imtina edir. Onun sözlərinə görə, hazırda səhvə yol verməmək üçün təkrar yoxlamalar aparılır. Sauthempton Universitetinin professoru Klayv Həmbl bildirmişdir ki, DNT planetin və onun məskunlaşmasının tamamilə yeni mənzərəsini açmağa imkan verir.