“İmedi” telekanalı gürcüstanlı azarkeşlərin hərəkətlərini ciddi tənqid edib VİDEO
Bakı, 2 avqust (AZƏRTAC). Futbol üzrə Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda qonaq klubun bəzi azarkeşləri tərəfindən təxribat törədilməsinə cəhd edilib.
AZƏRTAC Gürcüstanın “İmedi” telekanalının rəsmi saytına istinadla xəbər verir ki, telekanalın xəbərlər proqramının hazırladığı süjetdə gürcüstanlı azarkeşlərin hərəkətləri ciddi tənqid olunub. Verilişə canlı qatılan Gürcüstanın Bakıdakı konsulu Nikoloz Qoqitidze ölkəsindən gəlmiş azarkeşlərin hərəkətlərini pisləyərək, xəritə qalmaqalını təxribat adlandırıb. O, gürcü fanatları diqqətli və ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, gürcüstanlı fanatlar oyunun keçirildiyi “Bakcell Arena” stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb.