İMİŞLİ TƏCHİZAT BAZASININ OFİS, ANBAR VƏ TƏMİR EMALATXANALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
İmişli, 7 fevral (AZƏRTAC). "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İmişli Təchizat Bazasının ofis, anbar və emalatxanaları istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, ulu öndərin xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Kənd təsərrüfatı naziri İsmət Abasov mərasimdə çıxış edərək iqtisadiyyatın əsas inkişaf istiqamətləri üzərində dayanmış, ölkə rəhbərliyinin aqrar sahənin tərəqqisini öz fəaliyyətinin prioritetlərindən biri hesab etməsini xüsusi vurğulamışdır.
Qeyd olunmuşdur ki, "Aqrolizinq" ASC-nin İmişli Təchizat Bazası 2005-ci ildə yaradılmışdır. Rayonun 5 mindən artıq sahibkarına xidmət göstərən müəssisənin texnika parkına indiyədək 200-dək kənd təsərrüfatı maşın və mexanizmi verilmişdir. “Aqroservis”in rayonun Sarıxanlı, Cəfərli, Aranlı, Otuziki, Muradalılı və Telişli kəndlərində mexanikləşdirilmiş dəstələri fəaliyyət gostərir. 2009-cu ildə rayonun daha 2 yaşayış məntəqəsində belə dəstələrin yaradılması, müəssisənin texnika parkına əlavə 20 adda müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları alınması nəzərdə tutulur.
Nazir İsmət Abasov açılışı bildirən qırmızı lenti kəsmiş, iştirakçıları “Aqroservis”in xidmət şəbəkəsinin genişləndirilməsinə yardım göstərəcək yeni obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik etmişdir.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev yeni xidmət sahələrinin açılmasını ölkə rəhbərliyinin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısının əyani təzahürü kimi qiymətləndirmişdir.
Mərasimdə Qaraqaşlı ərazi icra nümayəndəsi İldırım Musayev, fermerlər Nahid Gülmalıyev və Kərəm Həsənov cıxış edərək, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbir iştirakçıları müəssisənin yenicə istifadəyə verilən 90 kvadratmetrlik ofisinə, 1000 kvadratmetrlik təmir emalatxanası və əsaslı təmir edilmiş 600 tonluq gübrə anbarına baxmışlar.