MƏDƏNİYYƏT
İncəsənət Muzeyində memarlıq keramikasının bərpasına dair mühazirə dinlənilib
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində “Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr” mövzusunda mühazirə dinlənilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin və “Pallada” bərpa-istehsalat şirkətinin direktoru Konstantin Lixolat mühazirəsində bərpa prosesinin çətinlikləri və incə məqamlarından danışıb, mədəni irsin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Məruzəçi çıxışında müəyyən tarixi dövrlərdə istifadə olunan ənənəvi texnologiyalar və materiallara xüsusi diqqət yetirib. Öz iş fəaliyyəti haqqında danışan K.Lixolat keçmiş əsrlərdə sarayları və evləri bəzəyən qədim kaminlər üzərindəki bərpa mərhələləri barədə də ətraflı məlumat verib. Bundan əlavə, dinləyicilər keramika bəzəklərinin simvolikası haqqında maraqlı faktlar öyrəniblər. O, həmçinin tarixi obyektlərin mədəni dəyərinə xələl gətirmədən necə qorunub saxlanılmasından da bəhs edib.
Sonda K.Lixolat auditoriyanın suallarını cavablandırıb.