RƏSMİ XRONİKA
İNDONEZİYADA AZƏRBAYCANA MARAQ
S.Xartarto İndoneziyada həyata keçirilən 25 illik inkişaf proqramı barədə Heydər Əliyevə məlumat verərək dedi ki, biz bu proqramın ikinci mərhələsinə qədəm qoymuşuq. Ölkəmiz bir sıra nailiyyətlərə nail olmuşdur. İxracat xeyli genişlənib. Əhali arasında kasıblığın azaldılması və aradan qaldırılması üçün mühüm addımlar atılıb. İndoneziyanın xarici dövlətlərlə əlaqələri möhkəmlənmişdir. S.Xartarto İndoneziyanın Azərbaycanla da sıx əlaqələr qurmasının hər iki tərəf üçün faydalı ola biləcəyini xüsusi qeyd etdi.
Heydər Əliyev dedi ki, biz sizin ölkəni çox yaxşı tanıyırıq. Ölkənizdə gedən proseslər də bizə yaxşı məlumdur. Mən bizə dost ölkə olan İndoneziyanın müvəffəqiyyətlərinə sevinirəm. Beynəlxalq aləmdə də İndoneziyanın fəaliyyəti nəzərə çarpır. Bloklara qoşulmayan ölkələr hərəkatının sədrliyi şərəfli işdir və sizin ölkə bu vəzifəni layiqincə yerinə yetirir.
Prezident daha sonra dedi ki, müstəqil Azərbaycan Respublikası İndoneziya ilə sıx əlaqələr qurmaq istəyir. Vaxtilə İndoneziya ilə Azərbaycan arasında əlaqələr olub. Sizin mərhum Prezidentiniz Sukarno Azərbaycana qonaq gəlmişdi. Mən onunla görüşmüşəm. Şəxsi kitabxanamda Sukarnonun rəsmlər kolleksiyasından ibarət bir neçə albom var.
Respublika Prezidenti dedi ki, mən Kasablanka Zirvə toplantısında sizin ölkənin Prezidenti cənab Suxarto ilə görüşmək niyyətində idim. Lakin o, həmin toplantıya gəlməmişdi. Hər halda mən görüşməyə ehtiyac duyuram. Ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün belə görüşlər lazımdır. Xahiş edirəm, mənim salamlarımı cənab Suxartoya çatdırasınız və deyəsiniz ki, mən onu Azərbaycana səfərə dəvət edirəm. Nyu-Yorkdakı görüşümüzdə ölkənizin xarici işlər nazirini respublikamıza dəvət etmişdim. İndi isə sizi də Azərbaycana dəvət edirəm.
Azərbaycan Prezidenti Heydər Əliyevin dəvətini özü üçün şərəf kimi qiymətləndirdiyini bildirən S.Xartarto dedi ki, mən ölkələrimiz arasında sənaye və ticarət sahəsində sıx əlaqələr yaranması üçün əlimdən gələni edəcəyəm.