İndoneziyanın İnsan Haqları üzrə Milli Komissiyası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını alqışlayır
Bakı, 26 iyun, AZƏRTAC
İndoneziyanın İnsan Haqları üzrə Milli Komissiyası Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə qərarını alqışlayır.
AZƏRTAC xəbər verir ki, bunu İndoneziyanın “The Jakarta Post” qəzetinə müsahibəsində bu ölkənin İnsan Haqları üzrə Milli Komissiyasının sədri Nur Xolis bildirib. Onun sözlərinə görə, bu addım müharibə qurbanlarının ədalət axtarışını daha da cəsarətləndirəcək.
Yazıda 1992-ci ildə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Laçın rayonundakı yurd-yuvalarından didərgin düşmüş 6 azərbaycanlı vətəndaşın - Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun Ermənistana qarşı qaldırdıqları məhkəmə işi barədə ətraflı məlumat verilir. Bildirilir ki, onlar doğma yurdlarından qovularaq yüz minlərlə insan kimi 1992-ci ildən bəri Azərbaycan ərazisində qaçqın düşərgələrində yaşayırlar.
Nur Xolis qeyd edib ki, İndoneziyanın İnsan Haqları üzrə Milli Komissiyası Azərbaycana və onun ədalət axtarışında olan vətəndaşlarına tam dəstək verməyə hazırdır.
“Biz beynəlxalq təşkilatlarda erməni işğalının azərbaycanlı qurbanlarına dəstək göstərəcəyik. Qurbanlara qarşı münasibətdə ədaləti bərpa etmək üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq,” - deyə o, bildirib.
Yazının sonunda vurğulanır ki, İndoneziyanın İnsan Haqları üzrə Milli Komissiyası Ermənistanın törətdiyi vəhşiliklərin aşkara çıxarılması üçün aparılan beynəlxalq təhqiqata qoşulmağa hazırdır.