İNFLYASİYA DÜNYADA İQTİSADİ YÜKSƏLİŞƏ TƏHLÜKƏ YARADIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, son dövrlərdə sürətlə artmış inflyasiya inkişaf etməkdə olan ölkələrin maliyyə qurumları üçün başağrısına çevrilmişdir. Analitiklərin əksəriyyətinin fikrincə, inflyasiyanın əsas səbəbi - neftin qiymətinin kəskin şəkildə artmasıdır. “Reuters” agentliyinin verdiyi məlumata görə, son günlərdə neftin bir barrelinin qiyməti 140 dollara yaxınlaşmışdır.
Ekspertlər qeyd edirlər ki, qərb ölkələrinin mərkəzi bankları staqflyasiyanın (inflyasiyanın yüksək səviyyəsi ilə iqtisadi artım sürətinin azalmasının təhlükəli qarışığının) qarşısını almaq niyyəti ilə son nəticədə faiz dərəcələrinin artırılması şəklində şok terapiyası tətbiq edə bilərlər.
Bu mübarizənin uğuru inkişaf etməkdə olan ölkələrin öz həmkarlarının səylərini dəstəkləmək arzusundan da müəyyən mənada asılı olacaqdır. Bu, ilk növbədə müasir dövrdə dünya iqtisadiyyatına getdikcə daha güclü təsir göstərməyə başlayan Çinə aiddir. Sürətlə inkişaf etməkdə olan iqtisadiyyatlarda inflyasiya səviyyəsinin ABŞ və Qərbi Avropa ilə müqayisədə daha yüksək olmasını nəzərə alsaq, dünya ticarətində qloballaşma nəticəsində hamının vəziyyəti çətinləşəcəkdir. “Morgan Stanley”in Asiya bölməsinin başçısı Stiven Rouc bu fikirdədir.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, keçən il inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında orta illik inflyasiya göstəricisi iqtisadiyyat cəhətdən inkişaf etmiş ölkələrlə müqayisədə təqribən üç dəfə çoxalmışdır və güman ki, bu fərq daha da artacaqdır.
BVF-in iqtisadçıları bu fikirdədirlər ki, cari ildə dünya üzrə inflyasiya səviyyəsi artaraq 4,7 faizə çatmalıdır. Müqayisə üçün xatırladaq ki, 2007-ci ildə bu göstərici 3,9 faiz idi.
Yanacağın və ərzaq məhsullarının qiymətinin sürətlə artması əhali arasında çoxsaylı etirazlara səbəb olur. İnsanlar öz ölkələrinin hökumətlərindən daha fəal tədbirlər görülməsini tələb edirlər, bu isə siyasi sabitliyin pozulması ilə bağlı narahatlığı daha da gücləndirir. Ekspertlər bildirirlər ki, “Böyük yeddilik” ölkələrində faiz dərəcələrinin qaldırılması yolu ilə onların öz valyutalarının gəlirlilik səviyyəsinin artırılması sərt, ağrılı və riskli olsa da, hər halda yeganə çıxış yolu ola bilər.