İNFORMASİYA AGENTLİKLƏRİNİN ÜMUMDÜNYA KONQRESİ BAŞA ÇATMIŞDIR
Elə həmin gün dünya informasiya xidmətlərinin rəhbərləri “İnformasiya yayımı azadlığı və müəllif hüququ” mövzusunda ümumi iclas keçirmişlər. Burada çıxış edən Asiya və Sakit Okean İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Seyid Cəfər, Rusiya Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyinin rəhbəri Mixail Seslavinski, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Kazinform agentliyinin (Qazaxıstan) prezidenti Qadilbek Şalaxmetov, Röytermedianın prezidenti Kristofer Axern və başqaları müəllif hüquqlarının qorunmasının zəruriliyindən və informasiya yayımı ilə bağlı vəziyyətdən, habelə dünya informasiya agentliklərinin daha sıx inteqrasiyasından danışmışlar.
“İnformasiya agentlikləri və informasiya texnologiyaları” mövzusunda keçirilmiş ümumi iclasda isə forum iştirakçıları xəbər agentliklərinin işinin keyfiyyətinin yaxşılaşdırılması və günün tələblərinə cavab verən müasir texnologiyaların tətbiqi ilə bağlı məsələləri müzakirə etmişlər.
Konqresdə bu forumun işçi orqanının – İnformasiya agentliklərinin ümumdünya şurasının yaradılması qərara alınmışdır. İctimai qurum olacaq Şuranın ilk iclasının gələn ilin yazında, indiki konqresin iştirakçısı olan ölkələrdən birində keçirilə biləcəyi vurğulanmışdır.
İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko İnformasiya agentliklərinin Ümumdünya Konqresinə yekun vuraraq, tədbirin işindən razı qaldığını bildirmiş, dünya informasiya xidmətlərinin bu birinci konqresində fəallıq göstərdiklərinə görə bütün iştirakçılara təşəkkür etmişdir.