“İNFORMASİYA CƏMİYYƏTİNİN ƏSASLARI” FƏNNİNİN TƏDRİSİNƏ DAİR İNNOVATİV LAYİHƏ UĞURLA HƏYATA KEÇİRİLİR
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətinin məqsəd və vəzifələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin yeni cəmiyyətin əsaslarını tədris etmək məqsədi ilə müvafiq nazirliklər, təşkilatlar və elmi qurumlarla birgə bir sıra tədbirlər həyata keçirir.
Bu tədbirlərdən biri də İTİ-nin ölkənin təhsil sistemində ilk dəfə olaraq Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə birgə “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihəni reallaşdırmasıdır.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, bu elm müəssisəsinin Tədris İnnovasiya Mərkəzində cari ilin sonuncu mühazirəsində İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev tələbə-jurnalistlərə informasiya cəmiyyətində (İC) çox mühüm əhəmiyyət kəsb edən informasiya mədəniyyəti, onun tərkib hissələri olan informasiya emalı, təhlükəsizliyi, etikası, ekologiyası haqqında geniş məlumat vermişdir. Kompyuter mədəniyyətinin informasiya mədəniyyətində əsas vasitə rolunu oynadığını qeyd edən natiq, informasiya mədəniyyətinin bütün peşələrə siyarət etdiyini vurğulamışdır.
BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə çıxış edərək bu layihənin reallaşdırılmasında göstərdiyi səyə və dəyərli mühazirələrə görə alimə təşəkkür etmişdir.
Xatırladaq ki, “İnformasiya cəmiyyətinin əsasları” kursu mahiyyətinə görə multidissiplinar xarakter daşıdığından bu kurs çərçivəsində nəzərdə tutulan materialları, bilikləri mənimsəmək üçün çox geniş spektrdə (informatika, fizika, riyaziyyat, fəlsəfə, sosiologiya, iqtisadiyyat, hüquq və s.) biliyə yiyələnmək, həmin sahələrə aid müxtəlif termin və anlayışlarla yaxından tanış olmaq lazımdır.
Ölkəmizdə informasiya cəmiyyətinin elmi-nəzəri məsələlərinin araşdırılması istiqamətində fəaliyyət göstərən İTİ tərəfindən müxtəlif səviyyəli konfranslarda, tədbirlərdə “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair təkliflər irəli sürülmüşdür. Kursun proqramında nəzərdə tutulan mövzular, əsasən, institutun əməkdaşları, aspirant və dissertantları tərəfindən araşdırılır. Digər tərəfdən, bu sahələr üzrə uzun müddət qazanılmış təcrübə də mövcuddur.