ELM VƏ TƏHSİL
İNFORMASİYA KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ MİLLİ STRATEGİYANIN TƏTBİQİNİN BİR İLİ TAMAM OLMUŞDUR
Ümummilli liderimiz, Prezident Heydər Əliyev 2003-cü ilin fevralında Azərbaycanın inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanı (2003-2012-ci illər) təsdiq etmişdir. Bu sənədlə ölkəmiz İKT-nin inkişafına dövlət dəstəyini rəsmi olaraq bəyan etmişdir.
Azərbaycan Milli Strategiyanı imzalamaqla bir çox dünya ölkələrini, o cümlədən bir sıra Avropa dövlətlərini qabaqlamışdır. Azərbaycanın Milli Strategiyası, bu siyasi sənədin imzalandığı gündən 10 ay sonra dünya dövlətlərinin liderlərinin informasiya cəmiyyəti üzrə Ümumdünya Sammitində (10-12 dekabr, 2003-cü il) qoşulduqları Prinsiplər Bəyannaməsinə tamamilə uyğundur. Respublikamızın İKT sahəsindəki siyasi sənədi bir çox beynəlxalq toplantılarda digər ölkələr üçün nümunə və təcrübə məktəbi olmuşdur. Məhz Azərbaycanın Strategiyanın prinsiplərinə uyğun İKT-ni inkişaf etdirməsi nəticəsində ölkəmiz bir çox mötəbər təşkilatların, bu sahədə böyük nüfuza malik mütəxəssislərin hörmətini qazanmışdır. Məsələn, BMT-nin İnkişaf Proqramının İKT-nin inkişafı üzrə direktoru Stiven Braun digər ölkələri İKT sahəsində Azərbaycanda həyata keçirilən prosesləri müşahidə etməklə, müsbət təcrübədən yararlanmağa çağırmışdır. Markle fondu isə informasiya cəmiyyəti üzrə Ümumdünya Sammitindən sonra Azərbaycanı Butan və Pakistanla birlikdə dünya təcrübəsini səmərəli qavrayan və qısa zaman kəsiyində İKT sahəsini inkişaf etdirən ölkə kimi qeyd etmişdir.
İKTMS layihəsi çərçivəsində nəinki beynəlxalq standartlara cavab verən Milli Strategiya hazırlanmış, həmçinin bu siyasi sənəddə öz əksini tapmış müddəalar üzrə pilot layihələr də həyata keçirilməyə başlanmışdır. İKTMS çərçivəsində həyata keçirilmiş pilot layihələr “elektron hökumət”,”elektron kargüzarlıq” ,”təhsil”, “Azərbaycan dilinin informasiya məkanında işlədilməsi”, “milli informasiya resurslarının yaradılması”, “İKT sahəsində kadr hazırlığı”, “Rəqəmli bərabərsizliyin ləğvi”, “Milli irsin qorunması” və s. istiqamətləri əhatə etmişdir.