İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət planları üzrə tədqiqatlar davam etdirilir
Bakı, 10 noyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Ümumi şöbənin müdiri Dinara Zeynalova sentyabr-oktyabr ayları üçün institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti haqqında danışıb. O, institutun şöbələrində müxtəlif problemlərə həsr olunmuş onlayn elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktik konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, tədqiqatların nəticələrinə dair məqalələr hazırlanması və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlərdən bəhs edib.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik R.Əliquliyev çıxış edərək müvafiq tapşırıqlar üzrə tövsiyələrini verib, hər bir tədqiqatçını öz mövzusu üzrə elmi araşdırmaları dərinləşdirməyə, beynəlxalq təcrübəni öyrənərək dünya elminə inteqrasiya etməyə çağırıb. Alim əməkdaşların beynəlxalq elmi proqramlarda və qrant layihələrində iştirakı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə, həmçinin institutun struktur bölmələrinin 2021-ci il üzrə hesabatlarının keçirilməsi, aparılan elmi araşdırmalara dair icmalların hazırlanması, institutun magistr, doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər məsələlərlə bağlı müzakirələr aparılıb.