İNGİLTƏRƏ ALİMLƏRİ İSA MƏSİHİN ÇARMIXA ÇƏKİLMƏSİ ÜSULUNA ŞÜBHƏ İLƏ YANAŞIRLAR
İsa Məsihin ovucları və dabanlarının mıxlanması, ayaqlarının isə altlığa dirənməsi edamın dəqiq olmayan şərti təsviridir. Alimlər öz tədqiqatlarında arxeoloji sübutların, yəni çarmıxa çəkilənlərin qalıqlarının olmamasına əsaslanırlar. İsanın xaçda vəziyyəti barədə məlumat yazılı mənbələrdə, yəni incillərdə də yoxdur.
Mitçell və Mezien antik mənbələrə əsasən iddia edirlər ki, eramızın I əsrində çarmıxa çəkmək üsulu məhkumun sosial durumundan və törətdiyi cinayətin növündən asılı idi. Məsələn, romalılar heç də həmişə bu zavallıları başıyuxarı edam etmir və heç də həmişə pəncələrini tamam mıxlamırdılar. Cinayətkarların pəncələrinin xaçın yanlarına mıxlandığı halları da məlumdur. Məsələn, 1968-ci ildə Qüds ətrafında Roma epoxasında çarmıxa çəkilən gəncin skeleti tapılmışdır. Məlum olmuşdur ki, onun pəncələri deyil, topuqları 11,5 santimetrlik dəmir mıxla xaça vurulmuşdur.
Son 150 ildə İsa Məsihin ölümünün fizioloji səbəblərinə dair azı 10 kitab nəşr edilmişdir. 2005-ci ildə ABŞ-da hətta könüllülərin iştirakı ilə hadisəni bərpa etmək cəhdləri də olmuşdur. Həmin tədqiqatlara əsasən, İsa Məsih ürək tutmasından, ağciyər emboliyasından, qan itirilməsindən, yaxud susuzluqdan ölmüşdür. Çarmıx əzabları 6 saatdan çox çəkə bilərdi. Mitçell və Mezienin fikrincə, bu fərziyyələr yanlışdır, müəlliflər çarmıxın hamı tərəfindən qəbul edilmiş təsvirinə əsaslanırlar. İsa Məsihin ölümünün əsas səbəbi isə əlavə arxeoloji tapıntılardan sonra məlum olacaqdır.
Qeyd edək ki, Mitçell və Mezien İsa Məsihin çarmıxa çəkilməsi faktını şübhə altına almırlar.