İnnovativ ekosistemin Avropa modeli öyrənilir
Xırdalan, 16 may, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Sloveniyada işgüzar səfərdədirlər. Universitetin əməkdaşları burada innovasiya ekosistemi ilə tanış olurlar. Səfər Avropa Komissiyasının maliyyələşdirdiyi “TAİEX” missiyası çərçivəsində “Texnoparkların planlaşdırılması və idarə edilməsi haqqında təcrübə” proqramı əsasında reallaşıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Sloveniyanın innovasiya ekosistemi ilə birbaşa əlaqəsi olan nazirlik, texnopark və müvafiq qurumlarında görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.
Mayın 18-dək davam edəcək işgüzar səfərin birinci günü BMU-nun nümayəndə heyəti Sloveniyanın İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, eləcə də müvafiq fond və təşkilatlarında görüşlər keçirib, müzakirələr aparıb. Səmərəli keçən görüşlər həm də innovativ ekosistem üçün əhəmiyyətli olan işgüzar mühitin formalaşmasına şərait yaradıb.
Qazanılan təcrübə və əməkdaşlıq münasibətləri Azərbaycanda innovasiya ekosisteminin qurulması, o cümlədən BMU-nun sahibkarlıq universiteti modelində inkişaf etdirilməsi, həmçinin BMU Texnoparkının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, “TAİEX” missiyası çərçivəsində “Texnoparkların planlaşdırılması və idarə edilməsi haqqında təcrübə” proqramı əsasında BMU Texnoparkı müdirinin müavini, dosent İsa Qasımov, Texnoparkın mütəxəssisi Tengiz Ağakişiyev və universitetin məsləhətçisi Aytac Paşayeva Sloveniyada işgüzar səfərdədirlər.
“TAİEX” missiyası çərçivəsində “Texnoparkların planlaşdırılması və idarə edilməsi haqqında təcrübə” proqramı BMU ilə Lyublyana Texnologiya Parkının birgə əməkdaşlığı əsasında həyata keçirilir.