İnsan alveri və gender əsaslı zorakılıq qurbanları üçün üçaylıq təlim
Bakı, 28 fevral, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) fevralın 28-də insan alveri və gender əsaslı zorakılıq qurbanları üçün üçaylıq təlimə başlayıb.
AZƏRTAC xəbər verir ki , İnsan Alverinə Qarşı Mübarizə layihəsi çərçivəsində təşkil olunan təlim üç ay davam edəcək. Üç ay ərzində həm insan alveri, həm də gender əsaslı zorakılıq qurbanları da daxil olmaqla 30 benefisiar mühasibat uçotu, kompüter bacarıqları və liderlik kursları üzrə təlimlərdə iştirak edəcəklər. Təlimlər Sumqayıtda USAID-in maliyyələşdirdiyi BMTIP-nin layihəsi çərçivəsində yaradılmış Qadın Resurs Mərkəzində keçiriləcək.
Bu, sinerjinin yaxşı nümunəsi olmaqla USAID tərəfindən maliyyələşdirilən iki layihənin və BMT-nin iki təşkilatının ümumi məqsədə nail olmaq və dəstəyə ehtiyacı olanlara kömək etmək üçün öz resurslarından necə səmərəli istifadə edə biləcəyini bariz əks etdirir.
BMqT tərəfindən 2015-ci ildən etibarən həyata keçirilən USAID-in maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın səmərəliliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.