CƏMİYYƏT
İNSAN HAQLARI DİQQƏT MƏRKƏZİNDƏDİR
Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi və ölkəmizin insan hüquqlarına dair Avropa Konvensiyasına qoşulması həmin konvensiyanın müddəalarının milli qanunvericiliyimizdə implementasiyası məsələsini ön plana çəkmişdir.
Bununla əlaqədar Avropa Şurası tərəfindən müstəqil ekspertlər müəyyən edilərək onların fəaliyyətinin əlaqələndirilməsi Ədliyyə Nazirliyinə həvalə olunmuş, məsələnin əhəmiyyəti nəzərə alınaraq bu sahədə işin təşkili ədliyyə nazirinin müavininə tapşırılaraq bir çox tədbirlər həyata keçirilmişdir.
Milli qanunvericiliyimizin insan hüquqları haqqında Avropa konvensiyasına uyğunlaşdırılması ilə bağlı görülmüş işlərlə tanış olmaq məqsədi ilə Avropa Şurasının insan hüquqları üzrə Baş Direktorluğunun nümayəndə heyəti bu günlərdə Bakıda səfərdə olmuş, Azərbaycanın müstəqil ekspertləri ilə Ədliyyə Nazirliyində görüşlər və müzakirələr keçirmiş, geniş fikir mübadiləsi aparmış, konvensiyanın müvafiq maddələri üzrə hesabatla tanış olmuşdur.
Ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə görüşmüş, respublikamızın qoşulduğu beynəlxalq müqavilə və konvensiyaların milli qanunvericiliyimizdə implementasiyasının əhəmiyyətini vurğulamış, demokratik prinsiplərə və humanist dəyərlərə daim sadiqlik nümayiş etdirən Azərbaycanda ölkəmizin Prezidentinin rəhbərliyi ilə həyata keçirilən insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəlmiş tədbirlərə toxunmuşdur.
Azərbaycanda aparılan demokratik islahatlardan və qanunvericiliyin insan hüquqları üzrə Avropa Konvensiyasının müddəalarına uyğunlaşdırılması ilə bağlı işin təşkilindən məmnun olduqlarını vurğulayan qonaqlar Ədliyyə Nazirliyi tərəfindən müstəqil ekspertlər üçün hər cür imkanın yaradılmasına, fəaliyyətin səmərəli əlaqələndirilməsinə və görüşlərin bu cür işgüzar şəraitdə təşkilinə görə minnətdarlıqlarını bildirmiş, hazırlanan hesabatın Avropa Şurasında böyük maraqla gözlənildiyini qeyd etmişlər.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişdir.