“İnsan hüquqları aylığı” çərçivəsində Abşeron və Dağlıq Şirvan zonası üzrə onlayn seminar keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Gənclər və İdman Nazirliyi Ombudsman təsisatı ilə birgə Sumqayıt, Abşeron, Qobustan, Ağsu və Şamaxı şəhər və rayonlarının Gənclər və İdman idarələrinin əməkdaşları, Ombudsmanın Şəki və Gəncə Regional mərkəzlərinin rəhbərləri və 70-ə yaxın region gənclərinin iştirakı ilə 15 iyun - Milli Qurtuluş Günü və 18 iyun - Milli İnsan Hüquqları Günü ilə əlaqədar “İnsan hüquqları aylığı çərçivəsində “Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir” adlı onlayn seminar keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Rüfət Mahmudzadə onlayn seminarın məqsədindən, 18 iyun - Azərbaycanda İnsan Hüquqları Gününün əhəmiyyətindən danışıb.
Könül Ələsgərovanın moderatorluğu ilə keçirilən interaktiv seminarda çıxış edənlər “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrasından, beynəlxalq hüquq normalarından, ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən danışıb, ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu günün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Sərəncamı ilə ölkəmizdə Milli İnsan Hüquqları Günü elan olunmasının əhəmiyyətindən danışıblar.