İNSAN İNKİŞAFI HAQQINDA MİLLİ HESABATIN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Mərasimdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının nümayəndəsi Marko Barsotti hesabat barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, İnsan İnkişafı haqqında Milli Hesabatların (İİMH) tarixində ilk dəfə olaraq Azərbaycan və Türkiyə hesabatların hazırlanması prosesinə birgə yanaşma ilə çıxış etmişlər. BMTİP-in baş qərargahı bu yanaşmanı bir yenilik kimi qiymətləndirmiş və Niderland hökuməti BMTİP-in İİMH dair İnnovasiya Fondu hazırlıq prosesini maliyyələşdirmişdir.
İİMH-in milli əlaqələndiricisi Urxan Ələkbərov hesabatda əksini tapmış tədqiqatların nəticələri, bu sahədə əldə edilmiş nailiyyətlər və gələcək inkişaf istiqamətləri barədə danışmışdır.O demişdir ki, keçən əsrin 90-cı illərindən başlayaraq BMTİP illik qlobal və milli insan inkişafı haqqında Hesabatlarını nəşr etdirir.
Azərbaycan Respublikasında BMT-nin İnkişaf Proqramının təşəbbüsü ilə insan inkişafının monitorinqi 1994-cü ildən etibarən həyata keçirilir. İnsan İnkişafı İndeksinə dair hesablamalar göstərmişdir ki, 1996-cı ildən başlayaraq ölkədə insan inkişafı indeksinin sabit artımı müşahidə olunur.
Yığıncaqda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, BMTİP Milli İKT layihəsinin milli əlaqələndiricisi Məleykə Abbaszadə və başqaları çıxış edən 2003-cü il üzrə Azərbaycanda İnsan İnkişafı haqqında Hesabatda toxunulan məsələlərə münasibətlərini bildirərək, əldə edilən nailiyyətləri, BMT ilə əməkdaşlığı yüksək qiymətləndirmişlər.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.