İNTEQRASİYA VƏ QLOBALLAŞMAYA RUMINİYA BAXIŞI
Mərasimi giriş sözü ilə Azərbaycan MEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik katibi Ağamusa Axundov açaraq dekabrın 1-i Rumıniyanın Milli bayramı – Birlik günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bu nəşrin müstəqil ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın və mehriban dostluq münasibətlərinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində növbəti mühüm addım olmasından danışmışdır.
Akademiyadan AZƏRTAC-ın müxbirinə demişlər ki, mərasimdə MEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, professor Yusif Rüstəmov, həmin institutun şöbə müdiri, professor Ağayar Şükürov, Azərbaycan-Rumıniya Dostluq Cəmiyyətinin sədri Mahir Qarayev, Azərbaycan-Rumıniya Əlaqələr Birliyinin məsləhət şurasının sədri Amaliya Rza qızı və başqaları çıxış edərək, Rumıniya prezidenti İon İliyeskunun öz ölkəsinin demokratik dövlətçilik tarixinə, əldə etdiyi nailiyyətlərə, onun inkişafına, Avropa Birliyinə və NATO-ya inteqrasiya prosesinə həsr olunmuş kitabı barədə geniş məlumat vermişlər.
Qeyd olunmuşdur ki, Azərbaycan ictimaiyyətinə ilk dəfə təqdim olunan bu əsər müəllifin geniş anlamda zamana, cəmiyyətə, hadisələrə, yaxın keçmişimizin tarixi proseslərinə nəzəri baxışlarının əsas müddəalarını müəyyən mənada ehtiva etmək iqtidarındadır. Oxşar ictimai-siyasi, mədəni-ideoloji tarixə malik xalqlarımızın müstəqilliyə qovuşduğu zamana qədər yaşamış olduqları dövr və hadisələr, eyni zamanda, iqtisadiyyat, rejimdən qurtuluş mübarizəsində əldə edilən uğurları genişləndirmək, keçid mərhələsinin çətinliklərini dəf etmək, dövlət müstəqilliyini qoruyub saxlamaq, onu inkişaf etdirib möhkəmləndirmək yolları oxşar proseslərlə müşayiət olunduğundan həmin dövrün az qala salnaməçisi kimi çıxış edən İon İliyeskunun kitabı ən azı bu baxımdan heç şübhəsiz ki, Azərbaycan oxucusu üçün maraqsız olmayacaqdır.
Natiqlər vurğulamışlar ki, totalitar kommunist rejimindən, sosialist sistemindən ayrılıb Avropaya inteqrasiya yoluna qədəm qoyan, yaxın tarixi keçmişi Azərbaycanda oxşar çalarlarla uzlaşan müstəqil Rumıniyada demokratik cəmiyyət quruculuğunun yeni üstün istiqamətləri ilə bağlı dərin təhlilə əsaslanan fikir və mülahizələr kitabda başlıca yer tutmuşdur.
Axırda Rumıniyanın ölkəmizdəki səfiri Tasım Cəmil İon İliyeskunun zəngin yaradıcılığından məhz bu kitabın seçilməsi və onun milli dilə tərcümə olunub Azərbaycan oxucularına çatdırılmasına görə minnətdarlığını bildirmişdir.