“İnversiya” mövzusunda müasir incəsənət sərgisi açılmışdır
Bakı, 23 noyabr (AZƏRTAC). “Baku Creative Center”də “İnversiya” mövzusunda müasir incəsənət sərgisi açılmışdır.
“Baku Creative Center”dən AZƏRTAC-a bildirmişlər ki, bu sərgi adi, artıq qəbul olunmuş mövzu, hadisə, problem, hiss və duyğu, hal və durumlara müxtəlif insanların fərqli reaksiyası və yanaşması baxımından yaranan əsərləri əhatə edir.
Müasir incəsənətin diapazonunun geniş olması səbəbindən “İnversiya” sərgisinin iştirakçılarının təqdim etdikləri işlər də mövzu, növ, forma və ifadə vasitələrinin müxtəlifliyi ilə seçilir. İnsani hisslər, din, tarix, mifologiya, dövrün problemlərinə toxunan mövzuları əhatə edən sərginin ekspozisiyasında Novruz Məmmədovun, Fərəc Rəhmanovun, Erkin Ələkbərlinin, İslam Həsənəlizadənin, Təkin Əfəndiyevin, Məmməd Rəşidovun əsərləri nümayiş olunur.
Kuratoru Fərəh Ələkbərli olan sərgi dekabrın 10-dək davam edəcəkdir.