İordaniya mətbuatı Azərbaycan səfirinin müsahibəsini yayıb
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfiri R.Rzayevin bu ölkənin “Petra” Dövlət İnformasiya Agentliyinə müsahibəsi agentliyin rəsmi saytında, eləcə də Krallığın “əd-Dustur”, “əl-Ğaq”, “əl-Ənbat” hökumət qəzetlərində və geniş oxucu kütləsinə malik www.orobanews.com , www.nayrouz.com , www.almadenahnews.com , www.johinanews.com , www.alqubbahnews.com , www.rumonline.net , www.alwakaai.com elektron xəbər portallarında dərc edilib.
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə diplomat iki ölkənin liderlərini birləşdirən dostluq və qardaşlıq münasibətlərini, həmçinin mədəni irsi, müştərək tarixi, mədəni və dini bağları bölüşən qardaş ölkələrimiz arasında əlaqələrin getdikcə gücləndiyini və möhkəmləndiyini xüsusi qeyd edib, bu günədək ölkələrimiz arasında 40-dan artıq rəsmi sənədin imzalandığını xatırladıb, Hökumətlərarası Birgə Komissiyanın dördüncü iclasının Bakıda keçirilməsinin planlaşdırıldığını, tədbirdə qarşılıqlı əməkdaşlıq və investisiya qoyuluşunun təşviqi, habelə ticarət mübadiləsinin qarşısında duran maneələrin aradan qaldırılması yollarının müzakirə olunacağını diqqətə çatdırıb.
Turizm sahəsində əməkdaşlığa gəlincə, son üç ildə Azərbaycana gələn iordaniyalı turistlərin sayında nəzərəçarpan artımın müşahidə edildiyini bildirən səfir R.Rzayev İordaniya Kralı II Abdullahın ölkəmizə son səfəri zamanı birbaşa hava əlaqəsinin yaradılması məsələsinin müzakirə mövzusu olduğunu bildirib, bu il mayın sonlarından etibarən “Buta Airways” şirkəti tərəfindən həftədə iki dəfə olmaqla birbaşa uçuşlara start verilməsinin nəzərdə tutulduğunu, lakin koronavirus pandemiyasının məsələnin təxirə salındığını qeyd edib.
Səfir Kral II Abdullahın səfərinin ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və birgə maraq doğuran beynəlxalq məsələlərdə əlaqələndirmənin aparılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini söyləyib, iqtisadi, investisiya, turizm, müdafiə sənayesi sahələrində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi üzrə fikir mübadiləsi üçün faydalı olduğunu vurğulayıb.
Sonra müsahib Azərbaycanın Dağlıq Qarabağ regionunda illər ərzində davam edən münaqişənin həllinə dair İordaniyanın beynəlxalq təşkilatlar və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tutduğu sabit mövqeyin hökumətimiz tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb, Azərbaycanın Fələstin-İsrail münaqişəsinin danışıqlar yolu ilə həllini, Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin Dövlətinin qurulmasını təmin edən “iki dövlət” prinsipini dəstəklədiyini xatırladıb. Həmçinin Krallığın beynəlxalq hüquq və prinsiplərə, eləcə də dövlətlərin suverenliyinə ehtirama və digər ölkələrin daxili işlərinə qarışmamaya söykənən xarici siyasəti yüksək qiymətləndirilib.
Sonda diplomat Azərbaycanın Respublika Günü ilə təxminən üst-üstə düşən Krallığın Müstəqillik Gününün 74-cü ildönümü münasibətilə İordaniya hökumətini və xalqını təbrik edib.