İQTİSADİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də İqtisadi İnkişaf Nazirliyində Macarıstan Milli Assambleyasının sədri xanım Katalin Silinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Katalin Sili səfərinin məqsədlərindən danışaraq demişdir ki, enerji məsələsi Macarıstan üçün çox əhəmiyyətlidir. Rəsmi Budapeşt Azərbaycanın Avropaya inteqrasiyasını dəstəkləyir. Əsas məqsədimiz əməkdaşlıq sahələrini müəyyənləşdirmək, Azərbaycanla bir çox sahələrdə əlaqələr qurmaqdır.
Qonaq Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edərək vurğulamışdır ki, biz Azərbaycanın müdrik və güclü dövlət başçısının tövsiyələri əsasında əməkdaşlığımızı daha da gücləndirəcəyik. Macarıstan kiçik və orta sahibkarlıqla bağlı birgə müəssisənin yaradılması, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, NABUKKO layihəsinin reallaşmasında da olduqca maraqlıdır.
Azərbaycanın regionda sülhün bərqərar olmasına böyük önəm verdiyini deyən iqtisadi inkişaf naziri Heydər Babayev ölkəmizin iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini xatırlatmışdır.
Qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsində gələcəkdə artım müşahidə olunacağını, birgə müəssisələrin yaradılmasının zəruriliyini bildirən H.Babayev demişdir ki, uzunmüddətli əməkdaşlıq strategiyasının olması çox vacibdir və bu, əməkdaşlığa müsbət təkan verə bilər.