İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATINA ÜZV DÖVLƏTLƏRİN ÖZƏLLƏŞDİRMƏYƏ DAİR NÖVBƏTİ TOPLANTISI KEÇİRİLMİŞDİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən bildirmişlər ki, İƏT-in baş katibi, üzv ölkələrin özəlləşdirmə qurumlarının məsul işçiləri və səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə son iki ildə təşkilata üzv ölkələrdə dövlət əmlakının özəlləşdirilməsinin vəziyyəti, özəlləşdirmə prosesinə investisiyaların cəlb edilməsi imkanları və birbaşa xarici sərmayələrin təşviqi, eləcə də İƏT-ə üzv dövlətlərin özəlləşdirmə qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
İclaslarda DƏİEDK nümayəndələri əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi islahatlar, ölkənin iqtisadi artım templəri və regionda lider mövqeyi, qeyri-neft sektorunun, habelə sahibkarlığın inkişafının təmini, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində görülən tədbirlər, bu proseslərə investisiyaların cəlb olunması, yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və s. məsələlər barədə ətraflı məlumat vermişlər.
Tədbirdə, həmçinin özəlləşdirmə sahəsində İƏT-ə üzv dövlətlərin əməkdaşlığına dair 2004-cü ildə Tehranda qəbul edilmiş Tədbirlər Planı və özəlləşdirmə üzrə vahid internet səhifəsinin yaradılması məsələləri geniş müzakirə edilmişdir. Müzakirələrin nəticəsi olaraq, İƏT-ə üzv dövlətlərin 2007-ci ildə Bakıda keçirilmiş özəlləşdirmə təcrübəsinə həsr edilən seminarının davamı kimi gələn il bu cür tədbirin Tehranda, növbəti illərdə isə digər üzv ölkələrdə keçirilməsi barədə qərar qəbul edilmişdir.
Bununla yanaşı, İƏT-ə üzv dövlətlərin özəlləşdirmə və xarici investisiyaların cəlb edilməsi üzrə vahid internet səhifəsinin yaradılması təklifi yekdilliklə qəbul edilmişdir.