İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN M Ə L U M A T I
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi və ya icarəyə verilməsi, eləcə də mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələrin verilməsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.
Nazirliyin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən 2002-ci ilin ötən dövründə “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 526, “Mülkiyyət hüququ haqqında” 396 şəhadətnamə verilmişdir.
Bu müddət ərzində auksion vasitəsilə özəlləşdirilən müəssisə və obyektlər üzrə respublika Auksion Mərkəzindən daxil olmuş sənədlər əsasında Dövlət əmlakının özəlləşdirilməsi departamenti ilə alıcılarla alqı-satqı müqavilələri bağlanmış və onların əmlakı üzərində mülkiyyət hüquqlarını təsdiq edən “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 287 şəhadətnamə mülkiyyətçilərə təqdim olunmuşdur.
2002-ci ildə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələrin verilməsindən dövlət büdcəsinə 42,1 milyon manatdan çox vəsait köçürülmüşdür.
Bu ilin mart ayında “Yerli İcra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” sərəncamlara müvafiq olaraq, daxil olmuş sənədlərə əsasən icarəçilərlə Dövlət əmlakının özəlləşdirilməsi departamenti arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 86 şəhadətnamə verilmişdir.
Ay ərzində torpaq sahələrinin satışına dair sərəncamlara müvafiq olaraq dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsindən daxil olmuş və həmin sənədlərə əsasən alıcılarla Dövlət əmlakının özəlləşdirilməsi departamenti arasında bağlanmış müqavilələrə əsasən 10 şəhadətnamə hazırlanmışdır.
Ümumiyyətlə, ay ərzində mülkiyyətçilərə 287 şəhadətnamə təqdim edilmişdir.