İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin öncül istiqamətlərindən biri olan sahibkarlığın inkişafında inhisarsızlaşdırma və rəqabətin müdafiəsi tədbirlərinin həyata keçirilməsi xüsusi önəm kəsb edir.
Bu istiqamətdə tədbirlərin həyata keçirilməsini davam etdirən İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti departamenti təbii inhisar subyektlərinin “Dövlət Reyestri“nə daxil edilmiş təsərrüfat subyektlərinin 2001-ci il üçün illik hesabatlarının təhlilinə başlamışdır.
2002- ilin ötən dövründə departamentin əməkdaşları texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində dövlət inhisarında olan xidmətlərin göstərilməsi, habelə səhmlərin əldə olunması zamanı təsarrüfat subyektləri arasında əqdlərin bağlanmasında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılmasını həyata keçirmişlər. Bundan başqa, kərə yağının istehsalı, idxalı, qablaşdırılması və satışı sahəsində təsərrüfat subyektlərindən departament tərəfindən ilkin məlumatlar toplanmış, araşdırılmış və müvafiq təhlil aparılmışdır. 37 ticarət obyektində keyfiyyətsiz və yararlılıq müddəti
keçmiş kərə yağlarının, alkaqolsuz içkilərin, qənnadı məmulatlarının, mənşəyi bəlli olmayan və ya saxta malların satışdan çıxarılması, 7 təsərrüfat subyektində aşkar olunmuş qanun pozuntularının aradan qaldırıması haqqında göstərişlər verilmişdir. 5 təsərrüfat subyekti haqqında antiinhisar qanunvericiliyinə uyğun iş qaldırılmış və 1 halda maliyyə sanksiyası tətbiq olunmuş, 2 halda xəbərdarlıq olunmuş, 4 subyektə qanun pozuntularının aradan qaldırılması haqqında müvafiq göstəriş verilmişdir.
Departamentin əməkdaşları televizor idxalı və satışı üzrə bazarın, eləcə də soyuducu istehsalı, idxalı və satışı üzrə bazarın araşdırılmasını həyata keçirmişlər.
2002-ci ildə antiinhisar və haqsız rəqabət haqqında qanunvericiliyin tələblərinin pozulması üzrə 14 halda iş qaldırılmış, onlardan 11 işə baxılmış, 7 halda qanun pozuntularının aradan qaldırılması üzrə göstəriş verilmiş və 4 halda maliyyə sanksiyaları tətbiq olunmuşdur.
Departament tərəfindən 146 ticarət, məişət xidməti və ictimai-iaşə obyektində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Haqsız rəqabət haqqında” qanunlara, həmçinin “Ticarət, ictimai-iaşə, məişət və digər növ xidmət qaydaları”na riayət olunması vəziyyəti araşdırılmışdır.
Həyata keçirilən tədbirlər ölkədə sahibkarlığın, azad rəqabətin inkişafına öz müsbət təsirini göstərməkdədir.