İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
18 fevral - 3 may 2002-ci il tarixində keçirilən Azərbaycan gənclərinin üçüncü forumu çərçivəsində İqtisadi İnkişaf Nazirliyi bir sıra tədbirlər planlaşdırmışdır.
Belə tədbirlərdən biri kimi 27 mart 2002-ci ildə İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı və Dövlət Əmlakının İdarə Edilməsi Departamentində “Sahibkarlığın inkişafında gənclərin rolunun artırılması” mövzusunda dəyirmi masa görüşü keçirilmişdir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri və gənc sahibkarlar iştirak etmişlər.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı və Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin direktoru İ.Mənsimov Azərbaycan Respublikası Prezidentinin gənclərə göstərdiyi qayğıdan geniş bəhs etmiş, İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat vermişdir. O, ölkədə sahibkarlığın inkişafı üçün münbit şərait yaradıldığını qeyd etmiş, bu sahənin inkişafının yersiz, süni maneələrdən qorunması, azad rəqabət mühitinin formalarşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən ətraflı danışmışdır.
Sahibkarlığın İnkişafı və Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin direktor müavini A.Bəşirov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Q.Hüseynov, Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndəsi F.Babayev gənclərin sahibkarlığın inkişafında rolunun yüksəldilməsinin vacibliyini qeyd etmiş, gənc sahibkarlara dövlət tərəfindən lazımi dəstək və maliyyə yardımı göstərildiyini vurğulamış, sahibkarların çoxsaylı suallarını cavablandırmışlar.
Gənc sahibkarlar görüşün təşkili üçün minnətdarlıq edərək, belə tədbirlərin onların hüquqi biliklərinin təkmilləşdirilməsində, dövlət qurumları ilə əlaqələrinin möhkəmləndirilməsində əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Yaxın günlərdə nazirliyin müvafiq qurumlarında “Özəlləşdirmə gənclərin gözü ilə”, “Respublikanın iqtisadi inkişafında gənclərin iştirakı” mövzularında da belə tədbirlər keçiriləcəkdir.