İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycan respublikası və Moskva hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Sazişin birgə tədbirlər Planı çərçivəsində 2002-ci il aprelin 3-4-də Moskva şəhərinin Cənub İnzibati Bölgəsinin Prefekturasında hər iki tərəfin dövlət və iş adamlarının iştirakı ilə kiçik və orta sahibkarlığın inkişafı problemlərinə həsr edilmiş biznes-seminar keçirilmişdir. Seminarda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları, Azərbaycan Beynəlxalq Bankının Moskva şöbəsinin rəhbəri F.Abdullayev, eləcə də Azərbaycanda fəaliyyət göstərən bir sıra firma və şirkətlərin nümayəndələri iştirak etmişdir.
Tədbirdə Moskva şəhərinin Cənub İnzibati Bölgəsi Prefektinin birinci müavini İ.Presnyakov, Moskva şəhərinin Cənub İnzibati Bölgəsi Prefekturasının Sahibkarlığın İnkişafı Agentliyinin baş direktoru Y.Astaxov, “Zaqorye” Texnoparkının direktoru B.Kupriyanov, kiçik sahibkarlıq subyektlərinin rəhbərləri iştirak etmişlər.
Seminarda Azərbaycan respublikasında kiçik və orta sahibkarlığın inkişafı və bu sahəyə dövlətin dəstəyi, İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilmiş, kiçik sahibkarlığın inkişafı problemləri ilə bağlı suallar cavablandırılmışdır.
Moskva şəhərinin Cənubi İnzibati Bölgəsi Prefektinin birinci müavini İ.Presnyakov bölgədə kiçik sahibkarlığın inkişafı vəziyyəti, sahibkarlara dövlət köməyi strukturları haqqında geniş məlumat vermişdir.
Azərbaycanlı iş adamları Moskva şəhərində biznesləri ilə bağlı qarşılaşdıqları problemlərdən bəhs etmiş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Moskvanın Cənub bölgəsində kiçik sahibkarlığın inkişafında xüsusi rol oynayan Sahibkarlığın İnkişafı Mərkəzi və “Zaqorye” Texnoparkı ilə tanış olmuş, fikir mübadiləsi aparmışlar.