İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
İqtisadi İnkişaf Nazirliyində sahibkarlığın inkişafı problemlərinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Prezidentinin ölkədə sahibkarlığın inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayan iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibkarlığın inkişafı istiqamətində son illərdə xeyli iş görüldüyünü qeyd edərək, dövlətimizin başçısı ilə sahibkarların 25 aprel 2002-ci il tarixdə keçiriləcək görüşünü ölkə rəhbəri tərəfindən sahibkarlığın inkişafına qayğının təzahürü kimi qiymətləndirdi.
Yaradılmış münbit investisiya mühiti, sahibkarlar üçün güzəştlərin müəyyənləşdirilməsi, onların dövlət tərəfindən maddi və mənəvi cəhətdən dəstəklənməsi hazırda ölkədə güclü sahibkarlar ordusunun yaranmasına şərait yaratmışdır. Xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə həyata keçirilən tədbirlər ÜDM-də özəl bölmənin xüsusi çəkisinin davamlı olaraq artması, yerli investorların fəallığının yüksəlməsi ilə müşayiət olunur. Azərbaycan iqtisadiyyatına ən çox xarici investisiyalar cəlb edən MDB ölkələri sırasındadır.
Nazir F.Əliyev qeyd etdi ki, sahibkarlığın inkişafında süni maneələrin aradan qaldırılması, azad rəqabət mühitinin formalaşması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması sahəsində, sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilməsi davam etdirilir.
Bununla belə, nazirliyin aidiyyati qurumları bu sahədə işlərini daha da çanlandırmalı, sahibkarlarla qarşılıqlı əlaqələr möhkəmləndirilməlidir.
İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin rəhbərləri çıxış edərək, özəl bölmənin inkişafı, qarşıya çıxan problemlərin həlli yolunda görülən işlərdən danışdılar. Çıxışlarda qeyd olundu ki, ölkənin şəhər və rayonlarında yerləşən müəssisələr haqqında informasiya bankının yaradılması ilə bağlı intensiv işlər aparılır. Artıq 50 şəhər və rayon üzrə 360-dək müəssisə haqqında məlumatlar müvafiq formada ümumiləşdirilmiş, informasiya bazasına daxil edilmişdir. Hazırda bu müəssisələr arasında kreditləşmənin tələblərinə cavab verən müəssisələr müəyyənləşdirilir, onların kredit təminatı araşdırılır. Struktur bölmələrinin rəhbərləri sahibkarlar ordusunun formalaşmasında böyük əhəmiyyəti olan dövlətsizləşdirmə prosesində əhalinin geniş iştirakının təmin edilməsi, eləcə də yerli sərmayəçilərin fəallığının artırılması istiqamətində görülmüş işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdilər.
Nazir F.Əliyev kollegiya iclasının işinə yekun vuraraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinin sürətləndirilməsi üçün nazirliyin qurumlarının, şəhər və rayon şöbələrinin işinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının sürətləndirilməsi, bu sahədə qarşıya çıxan problemlərin operativ həlli və s. məsələlərlə bağlı konkret tapşırıqlar verdi.