İradə Qurbanova: Bakıda dünya çempionatına hazırlıq tam sürətlə davam edir
Bakı, 25 fevral, AZƏRTAC
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarına və dünya çempionatına hazırlıq tam sürətlə davam edir.
Bunu akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanova AZƏRTAC-a müsahibəsində deyib.
“Yarışlara hazırlıq gücləndirilmiş rejimdə davam etdirilir. Məşqlər gündə iki dəfə keçirilir və idmançılar üçün gözəl şərait yaradılıb. Yarışlarda müxtəlif ölkələrdən güclü gimnastlar çıxış edəcəklər. Buna görə də bizi gərgin idman mübarizəsi gözləyir. Bu gün birincilikdəki yarışları izləyərkən müşahidə etdim ki, böyük gimnastlar psixoloji cəhətdən çempionata hazırdırlar. Bu, əsas komandadır. İdmançıların yarış təcrübəsi var və ümid edirəm ki, onlar bunun öhdəsindən gələcəklər”, - deyə baş məşqçi bildirib.
Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı barədə danışan baş məşqçi deyib ki, yarışlar uzun fasilədən sonra təşkil olunub: “Çox şadam ki, yarışlar baş tutdu. Əlbəttə ki, yarışda daha çox iştirakçı görmək istərdik. Amma nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə görə bir çox klublar işləməyib. Bu yarış bizim üçün böyük əhəmiyyət daşıyır. Çünki bu turniri ölkəmizi iki iri yarışda təmsil edəcək idmançılar üçün sınaq məşqi hesab etmək olar”.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları martın 3-6-da, 28-ci dünya çempionatı isə martın 10-13-də keçiriləcək.