İRAN İLƏ AZƏRBAYCANIN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti açılış mərasimində iştirak etmiş, dünya standartları səviyyəsində inşa olunmuş terminalla tanış olmuşdur. Onlara yeni xidmət obyektinin maddi-texniki bazası, fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Mərasimdə çıxış edən NMR Ali Məclisinin sədri Vasif Talıbov demişdir ki, İranın Culfa şəhərində belə bir terminalın yaradılması ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.
Ali Məclisin sədri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan-İran münasibətlərinin inkişafına xüsusi diqqət yetirdiyini xatırladaraq, Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan vilayətinin universitetləri və mədəniyyət müəssisələri arasında sıx dostluq əlaqələri yarandığını vurğulamışdır.
Bu əlaqələrin inkişaf etməsində İranın Şərqi Azərbaycan vilayəti hakimiyyət orqanlarının, Azərbaycan və İran səfirlərinin və qonşu ölkənin Naxçıvandakı baş konsulluğunun səmərəli fəaliyyətini yüksək qiymətləndirən Ali Məclisin sədri demişdir ki, əlaqələrimiz ölkələrimiz arasında təkcə iqtisadi münasibətlərin deyil, həm də mənəvi, tarixi, dini dəyərlərin davam və inkişaf etdirilməsinin ən mühüm göstəricisi olacaqdır.
Mərasimdən sonra Ali Məclisin sədri Vasif Talıbov İran İslam Respublikasının nəqliyyat naziri Əhməd Xürrəmi və Şərqi Azərbaycan valisi Məhəmməd Sobhanullahi ilə qarşılıqlı əlaqələrin perspektivləri barədə səmimi söhbət etmişdir.