SİYASƏT
İran mətbuatı Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqdan yazıb
Tehran, 6 oktyabr, AZƏRTAC
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məlumatlar dünya mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, İranın “bartarinha”, “dolatebahar”, “barkhat”, “sahrekhabar” xəbər saytlarında kütləvi məzarlıq barədə materiallar dərc edilib.
Həmin saytlar məzarlıq haqqında xəbər hazırlayarkən AZƏRTAC-da dərc olunan mətnlərdən, foto və videomateriallardan istifadə ediblər. Göstərilib ki, məzarlıqda aşkar edilən geyimlər və əşyalar onların Azərbaycan hərbçiləri olduğunu təsdiqləyir. Diqqətə çatdırılır ki, skeletlərin əksəriyyətinin baş sümüklərində güllə deşikləri aşkarlanıb. Bu fakt əsir azərbaycanlı hərbçilərin yaxın məsafədən vurulduqlarını təsdiqləyir.
Qeyd olunub ki, 1990-cı illərin əvvəllərində baş verən 1-ci Qarabağ müharibəsində Azərbaycan tərəfindən 4 min insan itkin düşüb. Xocavənd rayonunun Edilli kəndi həmin illərdə Ermənistan tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində həmin ərazilər işğaldan azad olunub və orada qazıntı işləri aparılıb.
Azərbaycanın İrandakı səfirliyi yerli saytlarda dərc olunan materialları öz internet resurslarında və sosial şəbəkə platformalarında fars dilində paylaşıb.
Sözügedən videokadrlar sosial şəbəkələrin İran seqmentində böyük marağa səbəb olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran