İRİA: "TikTok” platformasında lider olmağı hədəfləyən startaplar üçün unikal fürsət
Bakı, 2 noyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “TikTok” ilə birgə təlim proqramına - “TikTok Startup Academy”ə start verir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqram Azərbaycan və Özbəkistandan olan startap komandalarına “TikTok” platformasında effektiv marketinq üçün gərəkli bilik və bacarıqları öyrədəcək.
Proqramda iştirak üçün əsas şərtlər: startap minimum işlək məhsul (MVP) səviyyəsindədir; Qlobal bazara çıxış üçün strateji planı mövcuddur.
Seçim prosesi hər komanda üçün 3 mərhələdən ibarətdir - müraciət; seçim; final mərhələsi.
Seçilmiş startaplar ingilis dilində keçiriləcək infosessiya və oflayn kurslara qatılacaqlar.
Final mərhələsi üçün Azərbaycan və Özbəkistandan ümumilikdə 16 startap seçiləcək. Qiymətləndirmə prosesindən sonra 8 startap “pitching” sessiyasında iştirak imkanı əldə edəcək.
Final noyabrın 28-də Bakıda keçiriləcək. Tədbirdə qalib startaplar üçün seminarlar və “pitching” sessiyaları keçiriləcək, onlar öz marketinq strategiyalarını nümayiş etdirəcəklər.
Azərbaycan və Özbəkistandan olan üç qalib startapın hər biri 2000 ABŞ dolları məbləğində mükafat əldə edəcək.
Qalib layihələr bu mükafatı “TikTok” platformasında daha effektiv marketinq məqsədlərinə yatırım edə biləcəklər. Layihə çərçivəsində qaliblərə “TikTok”da hərtərəfli marketinq strategiyasının qurulması; cəlbedici məzmunun yaradılması; hədəf kütləyə xitab edən qabaqcıl təcrübə; nəticələrin analitikası üçün vasitələr; daha yüksək investisiya gəliri (ROI) əldə etmək üçün məlumat veriləcək.
Qeyd edək ki, bu proqram, əsasən, pərakəndə satış (CPG, FMCG), FoodTech, FinTech, EduTech, əyləncə, oyun, elektron ticarət və sağlamlıq xidmətləri sahələrində fəaliyyət göstərən startapları hədəfləyir.
Layihədə iştirak üçün son müraciət tarixi noyabrın 13-dəkdir.
Qeydiyyat üçün keçid: bit.ly/3QKuC9y