“İRS” BEYNƏLXALQ JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Jurnalda Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətindən bəhs edən maraqlı təhlili məqalələr dərc edilmişdir. Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pavel Burdıkinin məqaləsində bildirilir ki, hazırda Rusiya ilə Azərbaycan arasında ehtiramlı tərəfdaşlıq münasibətləri qurulmuşdur və biz birgə layihələrin gerçəkləşdirilməsində eyni dərəcədə maraqlıyıq. P.Burdıkin yazır: “Əsrlərlə yığılmış potensial ölkələrimiz arasında və bütövlükdə Qafqazda uzunmüddətli mehriban qonşuluq münasibətləri qurulmasının rəhnidir”.
Akademik Ziyad Səmədzadənin “İqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi” məqaləsində Azərbaycan-Rusiya əməkdaşlığının iqtisadi cəhətləri təhlil olunur. Müəllif vurğulayır ki, 1993-cü ildə respublikaya yenidən rəhbərlik etməyə başlamış Heydər Əliyev titanik fəaliyyəti sayəsində Azərbaycan-Rusiya münasibətlərində dönüşə nail ola bilmişdir. Prezident İlham Əliyevin 2004-cü ilin əvvəllərində Moskvaya səfəri ölkələr arasında tam qarşılıqlı anlaşmanı, bir-birinə praqmatik marağı və uzunmüddətli perspektivə əminliyi bir daha nümayiş etdirdi. İqtisadi münasibətlər getdikcə daha intensiv xarakter alır, iri birgə layihələrin sayı və müxtəlifliyi artır. 2005-ci ildə ticarət dövriyyəsinin həcmi 960 milyon dollara çatmışdır. Məqalədə Azərbaycan iqtisadiyyatının dünya iqtisadi məkanına inteqrasiyası perspektivlərindən söhbət açılır. Müəllif vurğulayır ki, dövlətlərimizin başçıları arasındakı etimad, qarşılıqlı fəaliyyət və insani münasibətlər nəzərdə tutulan iqtisadi proqramların uğurla həyata keçirilməsinin etibarlı təminatçısıdır.
Jurnalda dərc edilmiş “Azərbaycan miqrasiya proseslərində”, “Azərbaycan-Ermənistan: qarşılıqlı münasibətlərin xüsusiyyətləri”, “Gizli olanlar 100 ildən sonra üzə çıxır” məqalələri, habelə xalqımızın qədim mədəniyyətinə və ənənələrinə həsr olunmuş məqalələr də oxucularda maraq doğuracaqdır.