“İş qadınları arasında kulinariya müsabiqəsi” adlı layihə keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
"İş qadınları arasında kulinariya müsabiqəsi" adlı layihə həyata keçirilib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) AZƏRTAC-a bildirilib ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Mərkəzində Almaniyanın “MKN” (Maschinenfabrik Kurt Neubauer) şirkəti və AQSİA-nın birgə təşkilatçılığı ilə keçirilən "İş qadınları arasında kulinariya müsabiqəsi” adlı layihənin məqsədi - iş qadınlarının mətbəxdə də necə güclü potensiala malik olduqlarını göstərmək olub. Layihədən öncə, “MKN”, peşəkar təmizlik və gigiyena məhsullarının istehsalı və satışı ilə məşğul olan "Hazar Industry Azerbaijan" (SR Chemicals) şirkəti, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyi arasında tədris məqsədlərində istifadəsi, gələcəkdə peşəkar mətbəx avadanlığı və istehsalat mətbəxində gigiyenanın təmin edilməsi mövzusunda təqdimatların, seminarların və metodiki dərslərin keçirilməsi üçün “MKN” şirkətinin peşəkar sənaye avadanlığının verilməsinə dair memorandum imzalanıb. Müsabiqə üç komandanın iştirakı ilə 5 nömrəli Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyində baş tutub və hər 3 komandanın əl işləri bəyənilib. Bu ixtisas üzrə hazırlanan gələcək kadrların peşəkar avadanlıqlarla işləmə bacarıqlarının olması onlar üçün böyük üstünlükdür.