İşğaldan azad edilmiş ərazilərdə humanitar layihələr genişlənir
Bakı, 19 may, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Qurumun sədr müavini Fuad Hüseynov qonaqlara qurumun hazırkı fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı daim prioritet olub. Birinci vitse-prezident Mehriban Əliyeva da onların problemlərinin həllinə xüsusi diqqət göstərib. Hazırda dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi davam etdirilir.
F.Hüseynov qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərdə beynəlxalq təşkilatların, o cümlədən IFRCnin Azərbaycana dəstəyinin əhəmiyyətini vurğulayıb. Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub.
Son illərdə Dövlət Komitəsi ilə AzQAC arasında əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr və maarifləndirmə tədbirləri həyata keçirilib. Bu çərçivədə Bərdə, Füzuli və Sumqayıt şəhərlərində, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Ağdam rayonunda yerləşən Baharlı qəsəbəsində mina təhlükəsi ilə bağlı tədbirlər təşkil olunub. Bununla yanaşı, Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda məcburi köçkünlər üçün təlimlər keçirilib. Vətəndaşlara mina təhlükəsi, xəbərdaredici nişanlar, təhlükəsiz davranış qaydaları və aidiyyəti dövlət qurumlarına müraciət mexanizmləri barədə ətraflı məlumat verilib.
Görüşdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, humanitar və inkişafyönümlü layihələrin icrası sahəsində mühüm nəticələrin əldə edildiyi qeyd olunub.
Qonaqlar Dövlət Komitəsi ilə əməkdaşlığın uzunmüddətli və səmərəli xarakter daşıdığını bildiriblər. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri yüksək qiymətləndirilib, gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb.