“İslam dinində vətənpərvərlik və şəhidlik” mövzusunda konfrans olub
Naxçıvan, 7 aprel, AZƏRTAC
“Naxçıvan” Universitetində keçirilən “İslam dinində vətənpərvərlik və şəhidlik” mövzusunda konfransda əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva Azərbaycanın bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərimizin xatirəsinin xalqımız üçün həmişə əziz olduğunu vurğulayıb. Bildirib ki, onların həyatı bugünkü nəsil üçün nümunədir. Bu baxımdan 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən şəhid və qazilərimiz haqq-ədalət, milli birlik yolunun yolçuları kimi daim gələcəyimizi aydınladacaq.
İlahiyyat kafedrasının müəllimi Kubra Vəliyeva “Qurani-Kərim”də və hədislərdə Vətən sevgisi və şəhidlik” mövzusunda məruzəsində qeyd edib ki, qazilik və şəhidlik anlayışı məhz İslam dininə xas olan anlayışlardır. Yalnız bu dində şəhidlik ali məqam sayılır və müqəddəs hesab olunur.
Sonra Dinşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Nəzrin Məmmədovanın “İslamda şəhidlik məqamı” adlı çıxışı dinlənilib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, sahib olduğumuz müstəqilliyi gələcək nəsillərin rahat yaşaması, xalqını, dövlətini qorumaq üçün canından keçən şəhidlərə borcluyuq. Vüqar Babayev 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan qələbəyə böyük töhfə verən şəhidlərin əbədiyyət qazandıqlarını qeyd edib.
Sonda suallar cavablandırılıb.