İslamiada: Azərbaycanın kişi voleybolçuları qızıl medal uğrunda İran yığması ilə yarışacaqlar
Bakı, 20 may, G.Mahmudlu, AZƏRTAC
Mayın 20-də İslamiadada kişi voleybolçuların yarışında sonuncu yarımfinal görüşündə qalib gələn Azərbaycan yığması finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, voleybolçularımız yarımfinalda Əlcəzair millisinə 3:1 hesabı ilə qalib gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən birinci set 28:26 hesabı ilə Azərbaycan millisinin xeyrinə yekunlaşıb. Komandamız görüşün ikinci hissəsində də rəqibdən üstün olub - 25:21. Üçüncü setdə Əlcəzair kollektivi 20:25 hesabı ilə qalib gələrək hesab arasındakı fərqi azalda bilib. Dördüncü setdə inamlı oyun nümayiş etdirən voleybolçularımız 25:21 hesabı ilə qələbə qazanaraq finala yüksəliblər.
Azərbaycan millisi final qarşılaşmasında İran yığması ilə üz-üzə gələcək.
Türkiyə və Əlcəzair komandaları isə bürünc medal uğrunda yarışacaqlar.