SİYASƏT
İsmail Serageldin: Müştərək Cəmiyyətlər Forumunun Nizami yurdunda keçirilməsi təqdirəlayiqdir
Bakı, 24 aprel (AZƏRTAC). Bu gün dünyanı narahat edən məsələlərə dair müzakirələrin səkkiz əsr əvvəl yaşamış, bütün bəşəriyyəti aralarındakı fərqliliyə sinə gərməyə və bir-birindən öyrənməyə çağıran, insanların ən dərin hisslərini dilə gətirən böyük şair Nizami Gəncəvinin yurdunda keçirilməsi təqdirəlayiqdir.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin aprelin 27-dən 30-dək Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumu barədə danışarkən demişdir.
Görkəmli alim bildirmişdir ki, hazırda dünyanın müxtəlif yerlərində münaqişələr zamanı zor tətbiq etmək, ətraf mühitin çirklənməsi, bir çox cəmiyyətlərdə qadınlara qarşı diskriminasiyanın davam etməsi, azlıqların təcrid olunması və buna bənzər bir çox məsələlər təhlil edilib dəyərləndirilməlidir.
İsmail Serageldin vurğulamışdır ki, biz bu məsələlərin müzakirəsini dünyanın nüfuzlu simalarının iştirakı ilə açıqlılıq səviyyəsinə gətirmək qərarına gəlmişik. Biz öz uşaqlarımıza həqiqətən də açıq cəmiyyətlər yarada biləcək və hər kəs üçün sülhə, dayanıqlığa yardım edəcək siyasət formalarını aşılamağa borcluyuq.