İsmayıllıda keçirilən bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatının qalibləri müəyyənləşmişdir
İsmayıllı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda həm böyüklər, həm də 1998-2000-ci illər təvəllüdlü ümumilikdə 20-dən artıq gimnast iştirak etmişdir.
Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparmışlar. Çempionatda Respublika Kompleks İdman Məktəbi və “Baku Fleyms” klubunun gimnastları ilə yanaşı, “Neftçi” İdman-Sağlamlıq Mərkəzi, Bakı Gimnastika Məktəbi, “Spartak” və “Sərhədçi” cəmiyyətlərinin təmsilçiləri də çıxış etmişlər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 1998-2000-ci illər təvəllüdlü gimnastlar arasında Jalə Piriyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Züleyxa İsmayılova ikinci, Beyza Demir üçüncü olmuşlar.
Böyüklərin mübarizəsində isə Marina Durunda qızıl, Lalə Yusifova gümüş, Ayşən Bayramova isə bürünc medal qazanmışlar.
Çempionatın sonunda Azərbaycanın dövlət himni səsləndirilmişdir.