İsmayıllıda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsmayıllı rayonunda vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda, əsasən, İsmayıllı və Ağsu rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış yerlərinin təmiri, vahid aylıq müavinətin təyin olunması, məşğulluq məsələləri, eləcə də Böyük Qayıdışla bağlı müraciətlər üstünlük təşkil edib.
Qəbul zamanı vətəndaşlara bildirilib ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması əsas prioritetlərdən biridir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu kateqoriyaya aid vətəndaşlara xüsusi diqqət və qayğı göstərilir.
Qeyd olunub ki, hazırda dövlətimizin başçısının tapşırığı ilə keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə mərhələli və təhlükəsiz şəkildə qayıdışı təmin edilir. Qayıdış prosesi çərçivəsində ən ağır şəraitdə yaşayan ailələrin köçürülməsinə üstünlük verilir.
Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll olunub. Digər müraciətlərin isə araşdırılaraq müvafiq dövlət qurumlarına təqdim ediləcəyi və qanunvericiliyə uyğun şəkildə cavablandırılacağı bildirilib.