İsmayıllıda mədəniyyət müəssisələrinin mütəxəssislərinə antinarkotik təbliğatın vacibliyindən danışılıb
Bakı, 29 noyabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə İsmayıllı rayonundakı mədəniyyət mərkəzində təlim təşkil edilib.
Bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a məlumat veriblər.
Nazirliyin İsmayıllı rayonu üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edib. O, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib.
Sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Təlimdə işçi qrupunun hazırladığı “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.