İsmayıllının Xanagah kəndində şəhidin xatirəsinə tikilən bulağın açılışı olub
İsmayıllı, 17 noyabr, AZƏRTAC
İsmayıllı rayonunun Xanagah kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Kamal Babayevin xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimi noyabrın 16-da Kamalın şəhidlik zirvəsinə ucaldığı günün ildönümündə keçirilib. Mərasimdə rayon rəhbərləri, şəhid ailələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidin kənd qəbiristanlığında məzarı ziyarət olunub, gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Bulağın açılış mərasimində şəhid Kamal Babayevin ömür yolu barədə xatirələr bölüşülüb, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunan torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğu vurğulanıb.
Anım mərasimində Xanagah kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş ediblər.
Şəhidin ailə üzvləri bulağın inşa edilməsində əməyi olan hər kəsə öz təşəkkürlərini bildirib. Sonra qonaqlar Kamal Babayevin evində onun xatirəsinə yaradılan muzeylə tanış olub və şəhidin “Cəsur döyüşçü” medalı ailəsinə təqdim edilib.
Qeyd edək ki, Kamal Eynulla oğlu Babayev 1991-ci il mayın 27-də İsmayıllı rayonunun Xanagah kəndində anadan olub. 1997-ci ildə Xanagah kənd ümumi orta məktəbinin 1-ci sinfinə gedib, ardınca orta təhsilini İsmayıllı şəhər 1 saylı tam orta məktəbində davam etdirib. 2009-cu il iyul ayında həqiqi hərbi xidmətə çağırılıb․ 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. Kamal Babayev noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Noyabrın 16-da yaşadığı Xanagah kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.