İsrail səfiri Qusar şəhərində İlizarovun ixtirasına ucaldılan abidənin açılışında iştirak edib
Qusar, 15 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 15-də Qusar şəhərində İlizarov aparatına qoyulan abidənin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə məşhur cərrah-ortoped, akademik Qavril Abramoviç İlizarovun anadan olmasının 100 illiyinə həsr edilib. 6,5 metr hündürlüyündə olan abidə şəhərin Qavril İlizarov və Fəxrəddin Musayev küçələrinin kəsişməsində yerləşir. Abidənin müəllifi Fərhad Əzizovdur.
Abidənin açılış mərasimində İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoli Rafailov, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasından (Azİz) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vahid Bayramov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, Qusarda yaradılan abidə öz ixtirası ilə minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olan məşhur həkimin xatirəsinə hörmət əlaməti olaraq ucaldılıb.
Qavril Abramoviç İlizarov 1921-ci il iyunun 15-də Polşada yəhudi ailəsində dünyaya göz açıb. Qavrilin 7 yaşı olanda ailəsi ilə birlikdə ata yurduna - Qusar rayonuna köçüblər. Onun atası Abram burada yaşayan dağ yəhudilərindən idi. Qusarda səkkiz illik məktəbi bitirən gələcəyin məşhur cərrahı ilk tibb təhsilini Dağıstanda alıb. Krım Dövlət Tibb İnstitutunda ali təhsil alan İlizarov bundan sonra həkim kimi fəaliyyətə başlayıb. Onun 1947-ci ildə ixtira etdiyi aparat sınıqların müalicəsində ən effektiv üsullardan sayılır. Məşhur Qavril İlizarovu ixtirasına görə həkim-sehrbaz adlandırırdılar.
İlizarov müəllif hüquqları ilə qorunan 208 ixtiranın müəllifidir ki, onlardan da 18-i dünyanın ondan çox ölkəsində patent alıb.
Bir çox ali dövlət mükafatları ilə təltif olunan Qavril İlizarov 1992-ci ildə 71 yaşında vəfat edib.
Tanınmış həkimin doğum günü münasibətilə Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə anadan olmasının 100 illiyi münasibətilə sərgi də açılıb. Səfir Corc Dik və digər qonaqlar Dağ Yəhudiləri Muzeyindəki sərgi ilə tanış olub, İlizarovun yubileyinə həsr olunmuş filmə baxıblar.