İSTANBULDA AFRİKA MÜSƏLMAN ÖLKƏLƏRİ DİNİ LİDERLƏRİNİN ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR
Vəqfin sədri Əli Bardakoğlu zirvə görüşünün yekun qətnaməsini oxumuş, keçirdiyi mətbuat konfransında tədbirin keçirilməsində əsas məqsədin Afrika qitəsində yaşayan müsəlmanların ümumi problemlərinin həlli yollarını müzakirə etmək olduğunu bildirmişdir.
Müsəlman ölkələrinin dini liderləri müqəddəs İslam dininin bəzi ölkələr və siyasətçilər tərəfindən hücumlara məruz qalmasını pisləmiş, bunun qarşısını almaq üçün səyləri birləşdirmək əzmində olduqlarını bildirmişlər. Onlar İslamın sosial ədalət dini olduğunu qeyd edərək, bütün müsəlmanların başqa dinlərin nümayəndələri ilə sülh və anlaşma şəraitində yaşamaq istədiklərini bəyan etmişlər.
Zirvə görüşünün yekun sənədində bildirilir ki, dini liderlərin əsas vəzifəsi öz icmalarının səylərini bəşəriyyətin ortaq problemlərinin həllinə yönəltməkdir. Türkiyə, öz növbəsində, səhiyyə, təhsil və infrastruktur problemlərinin həllində Afrika ölkələrinə yardım etmək əzmindədir. Afrikada Osmanlı imperiyası dövründə inşa olunmuş məscidlərin bərpa edilməsi də qətnamənin müddəalarından biridir.
Afrika ölkələri isə Türkiyənin bir müsəlman ölkəsi kimi Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcəklər.