İstanbulda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı yürüş və anım mərasimi keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar İstanbulda yürüş və anım mərasimi keçirilmişdir.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə şəhərin mərkəzində - Şişli məscidinin qarşısında toplaşan Azərbaycan və Karakalpaklılar dərnəklərinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Karakalpaklılar Dərnəyinin başqanı Volkan Sancak çıxış edərək Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu bildirmişdir. O, bu faciənin beynəlxalq soyqırımı cinayəti kimi tanınmasının vacibliyindən danışmışdır. Volkan Sancak Xocalı soyqırımının günahkarlarının cəzasız qalmaması, haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bütün türk dünyasını birliyə çağırmışdır.
Sonra İstanbulun mərkəzi rayonlarından olan Şişli meydanından Məcidiyyəköy istiqamətinə yürüş keçirilmişdir. Yürüş boyu “Bir millət, iki dövlət”, “Xocalıya ədalət” şüarları səsləndirilmişdir.
Daha sonra İstanbul-Türkiyə Azərbaycan Dərnəyində anım mərasimi keçirilmişdir.
Dərnəyin başqanı Səfər Qaraqoyunlu bildirmişdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Bildirilmişdir ki, dünya ictimaiyyəti Xocalı qətliamını beynəlxalq cinayət aktı kimi qəbul edənə qədər belə aksiyaları müntəzəm olaraq keçirəcəklər.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilən qanlı soyqırımı barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ermənilərin tarix boyu xalqımıza qarşı apardıqları soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri də Xocalının bir şəhər kimi yer üzündən silinməsi faktıdır. Xocalı faciəsinin soyqırımı kimi tanınması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran baş konsul bu istiqamətdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işləri xüsusi vurğulamışdır. Diplomat artıq dünyanın bir çox ölkələrində bu qətliamın soyqırımı kimi tanındığını bildirmişdir.
Anım mərasimində iştirak edən Türkiyə Böyük Millət Məclisinin deputatları Ali Özgündüz və Atilla Kaya qardaş ölkə Azərbaycanın başına gətirilən bu dəhşətli soyqırımı aktına bütün türk dünyasının səssiz qalmamasının vacibliyini vurğulamışlar.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aqil Abbas və Elman Məmmədov da çıxışlarında Xocalı faciəsinə biganə yanaşmayan qardaş Türkiyə vətəndaşlarına minnətdarlıqlarını bildirmişlər. Deputatlar çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən ölkəmizin üçrəngli bayrağının Qarabağ səmalarında dalğalanacağına əmin olduqlarını bildirmişlər.
Sonda iştirakçılar Xocalı soyqırımını əks etdirən fotosərgiyə baxmışlar.