İSTEDADLI ALİM, ƏSİL İNSAN
AKADEMİK ƏBDÜLKƏRİM ƏLİZADƏNİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə onun haqqında deyir:
- Əlizadə, sözün əsil mənasında tədqiqatçı, dərin savadlı, yüksək mədəniyyətli insan idi. Adamları çox sevirdi, qayğı və diqqətini heç kimdən əsirgəmirdi. O vaxtlar hələ gənc tədqiqatçılar kimi əksəriyyətimiz təşəkkülümüzə, püxtələşməyimizə görə məhz ona minnətdarıq. Deyə bilərəm ki, şəxsən mən özümü elmə məhz onun tövsiyəsi ilə həsr etmişəm... Həqiqətən, yaxşı məsləhət, qayğıkeş yardım, xoş münasibət çox şey deməkdir. Əbdülkərim Əlizadə də vaxtilə bunu özünə münasibətdə hiss etmişdi.
O, Leninqrad Şərqşünaslıq İnstitutunun məzunu idi, elmi potensialının formalaşmasında təməli vaxtilə Mirzə Kazımbəy və Mirzə Cəfər Topçubaşov tərəfindən qoyulmuş Rusiya şərqşünaslıq məktəbinin görkəmli nümayəndələri mühüm rol oynamışdılar. Əbdülkərim Əlizadə elmin zirvələrini bir-birinin ardınca fəth edirdi. Çox çətin və eyni zamanda maraqlı bir mövzuda – XIII-XIV əsrlərdə Azərbaycanda torpaq sahibliyinin və vergi sisteminin formaları mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuş və elə ilk elmi əsərləri onu məşhur şərqşünas mütəxəssislər sırasına çıxarmışdı. Təsadüfi deyidi ki, ensiklopediyaçı alim Rəşidəddinin “Cami ət-təvarix” monumental əsərinin elmi-tənqidi təhlili farsdilli orta əsr ədəbiyyatının parlaq bilicisi kimi məhz ona həvalə edilmişdi. Bu tədqiqat nəşr edildikdən sonra dünya şərqşünaslıq məktəbinin dəyərli sərvətinə çevrilmişdir.
Azərbaycan ədəbiyyatının klassiki, dahi Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə”sindən “İsgəndərnamə”nin və alim, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” tarixi əsərinin elmi-tənqidi mətninin hazırlanması da alimin adı ilə bağlıdır. Hər iki əsər onlarca dildə, ilk növbədə, rus dilində işıq üzü görmüşdür.
Böyük Vətən müharibəsinin başlanğıcında Bakıya qayıdan Əbdülkərim Əlizadə bir çox illər SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Tarix İnstitutunda əvvəlcə baş elmi işçi, sonra isə uzun müddət onun direktoru kimi çalışmışdır. O, həmin dövrdə də tədqiqatlarını davam etdirmiş və elmi dairələrdə yüksək qiymətləndirilmiş əsərə - Nizaminin “İsgəndərnamə” əsərinin “Şərəfnamə” hissəsinin elmi-tənqidi təhlilinə görə məşhur sovet alimi Y.Bertelslə birlikdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Bir neçə il sonra isə o, Moskvada “XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi” mövzusunda doktorluq dissertasiyasını böyük uğurla müdafiə etmişdir. Dissertasiya sonralar ayrıca monoqrafiya kimi nəşr olunmuşdur. Kitabın yeni nəşrinə ön sözün müəllifi akademik Ziyad Səmədzadənin fikrincə, bu, nadir və Şərqdə ilk belə əsərdir.
Əlizadə respublikamızın alimləri sırasında Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri olmuşdur. Yüzdən çox elmi əsərin – onların çoxu dünya şərqşünaslıq elminin inciləri kimi dəyərləndirilmişdir – müəllifi olan Əlizadə Azərbaycanda ciddi elmi mərkəzin, Şərqşünaslıq İnstitutunun banisi və ilk direktorudur. Yeri gəlmişkən, böyük Azərbaycan mütəfəkkiri Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dəstur əl-katib fi təyin əl-məratib” əsərinin həmin illərdə Əlizadə tərəfindən hazırlanmış elmi təhlili yüksək qiymətləndirilmişdir. Xatırladaq ki, bu tədqiqatına görə alimə layiq görüldüyü Azərbaycanın Dövlət mükafatını ümummilli liderimiz, gələcək Prezidentimiz Heydər Əliyev təqdim etmişdi.
Alimi bir sıra ölkələrin elmi dairələrində yaxşı tanıyırdılar, o vaxtkı SSRİ-ni müxtəlif mötəbər beynəlxalq elmi konqreslərdə dəfələrlə təmsil etmiş, şərqşünasların beynəlxalq məclislərinin həmsədrləri sırasında da olmuşdur.
Akademik Əlizadənin fəxri adları, mükafatları çox idi. Lakin müasirlərinin sözlərinə görə, onun özü məhəbbət və qayğı ilə yetişdirdiyi gənc tədqiqatçıları özünün ən böyük mükafatı sayırdı. O, Azərbaycan elminin inkişafına səylə və uğurla kömək edir, eyni zamanda pedaqoji fəaliyyət göstərirdi. Bəli, Əbdülkərim Əlizadəni həm də gözəl müəllim kimi də yaxşı xatırlayırlar.Özü də o, müəllimlik fəaliyyətinə çox tez başlamışdı. Əslən Bakının Bilgəh kəndindən olan və valideynləri ilə uzun müddət Tehranda yaşayan Əlizadə fars və ərəb dillərini uşaqlıqdan yaxşı bilirdi, hələ təhsil illərində Leninqradda bu dillərdən dərs demişdir. Sonralar isə doğma Bakıda, Azərbaycan Dövlət Universitetində müəllimlik etmişdir.
Əlizadənin keçmiş tələbələrindən biri, hazırda AZƏRTAC-ın baş direktorunun birinci müavini Vaqif Musayev müəllimini belə xatırlayır: “Onun üz-gözündən sanki nur yağırdı. Bu insan həqiqətən xeyirxahlıq mücəssəməsi idi. Dərsləri elə canlı və maraqlı keçirdi ki, fikrini hətta bir anlığa başqa yerə yönəltmək kimsənin ağlına belə gəlməzdi. Tələbələr mühazirələrdən sonra da onunla ünsiyyətdə olmağı, onun müdrik məsləhətlərini dinləməyi sevirdilər”.
Akademik Əlizadəni xatırlayanların hamısı onun insanlara xeyirxahlığından, diqqətindən, heyrətamiz dərəcədə təvazökarlığından həvəslə danışır. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev onun haqqında xatirələrini bölüşərək, çox maraqlı bir əhvalatdan söhbət açdı.
O, doktorluq dissertasiyası müdafiə etməli idi, avtoreferatda üçüncü opponent kimi Əlizadənin adı göstərilmişdi. Görkəmli rus alimi İ.Petruşevskinin adı birinci yazılmışdı, ikinci opponent isə Azərbaycan alimi olmalı idi. Lakin ikinci göstərilən opponent, - söz düşmüşkən, o, tarix elminə dəyərli töhfələr vermiş çox istedadlı adam idi, - siyahıda ikinci olmaq istəmirdi və opponentlikdən qəti şəkildə böyun qaçırır, akademik Əlizadəni də buna sövq edirdi. Amma Əlizadə mövqeyindən dönmədi, dissertantı müdafiə etdi, xeyirxahlıq və etibarlılıq göstərdi.
O ki qaldı etibarlılığa, sadiqliyə, təəssüflər olsun ki, məşəqqətli illər yaşamış olan alim heç vaxt heç kimə arxa-dayaq olmaqdan, ürək-dirək verməkdən imtina etməmişdir. Ziyad Səmədzadə qaynatası, bilgəhli Məmmədhüseyn Mirzəyevin o ağır illərdə həmkəndlisi Əbdülkərimin onun yanına gəldiyi günlər barədə söhbətini xatırlayır. Məmmədhüseyn kişi deyirmiş ki, Əbdülkərim müəllim onlara gələr, oturub oradan-buradan, gün-güzərandan danışar, sözarası vəziyyətdən hansısa çıxış yollarını göstərərdi.
Əbdülkərim Əlizadəni doğma kəndində də hörmət-ehtiramla xatırlayırlar. Əsil İnsan olan bu şəxsiyyətlə ünsiyyətdə olmuş hər bir kəsin xatirində də o, məhz belə qalmışdır.
Məndən olsaydı, bu sözləri akademik Əlizadənin uzun illər yaşadığı, indi onun adını daşıyan küçədəki binaya vurulmuş xatirə lövhəsinə də yazardım.