QAN YADDAŞI
İsveç paytaxtında Xocalı qurbanlarının xatirəsi anılıb
Stokholm, 27 fevral, AZƏRTAC
İsveç paytaxtında Xocalı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xocalı soyqırımının 31-ci ildönümünü ilə əlaqədar Stokholm şəhərinin Raul Vollenberq meydanında toplaşan Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları və bir qrup həmvətənimiz qanlı gecənin qurbanlarının xatirəsini ehtiramla anıb.
Tədbirdə çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov Xocalı soyqırımının insanlığa qarşı ən qəddar cinayətlərdən biri olduğunu bildirərək, törədilən hadisənin dünyanın onlarca ölkəsi tərəfindən qətliam kimi tanındığını diqqətə çatdırıb. Bir gecədə 613 günahsız azərbaycanlının Ermənistan silahlıları tərəfindən amansız şəkildə qətlə yetirilməsinin dəhşətli miqyası barədə söz açan diplomat 150 nəfərin taleyi haqda hələ də məlumatın olmadığını bildirib. Zaur Əhmədov mülki əhalinin milli etnik və dini mənsubiyyətinə görə soyqırımına məruz qalmasının qəbuledilməz olduğunu vurğulayaraq, buna müvafiq qiymətin verilməsinin vacibliyini qeyd edib.
“Bu gün biz Holokost soyqırımında insanları xilas etməyə cürət edən məşhur isveçli diplomat Raul Vollenberqə həsr olunan abidənin önündən bir daha bütün dünyaya səslənərək, Xocalı və Holokost kimi soyqırımların təkrarlanmaması üçün yorulmaz fəaliyyət göstərib sülhə nail olmağa çağırırıq”, - deyə səfir Zaur Əhmədov bildirib.
Tədbirin sonunda abidənin önünə əklil qoyulub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm