İsveçrədə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bu il fevralın 23-də Bern şəhərində İsveçrədə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilmişdir.
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Bern şəhərinin mərkəzi meydanlarının birində keçirilmiş tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və elmi fəaliyyətlə məşğul olan ziyalılar iştirak etmişlər.
İki saat ərzində davam etmiş aksiyada çoxsaylı Azərbaycan bayraqları dalğalandırılaraq “Xocalıya ədalət!”, “Erməni işğalına son!”, “Xocalı soyqırımında iştirak edənlər məsuliyyətə cəlb edilsin!” və digər şüarları əks etdirən plakatlar qaldırılmışdır.
İsveçrədə təhsil alan tələbələrimiz və diaspor nümayəndələri tərəfindən yerli əhaliyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və xüsusilə də Xocalı faciəsi ilə bağlı dolğun məlumatlar verilmiş və bu xüsusda yaddaş vərəqələri paylanılmışdır. Eyni zamanda, etiraz aksiyası zamanı Xocalı faciəsinə dair ingilis, alman və fransız dillərində müxtəlif kitab və broşürlər İsveçrə ictimaiyyəti arasında yayılmış, qətliamın görüntülərinin əks olunduğu film nümayiş etdirilmişdir.
Keçirilmiş tədbirin xüsusiyyətlərindən biri də Xocalı soyqırımı ilə bağlı Azərbaycan diasporunun nümayəndələri tərəfindən hazırlanmış petisiyaya imza toplamaq olmuşdur. Xeyli sayda isveçrəlinin imzaladığı petisiya İsveçrə parlamentinə təqdim olunmuşdur.